Azərbaycana bundan öncə də səfər etmişəm. Burada olduğum ilk dəfə ilə müqayisədə əldə edilən irəliləyişlərə çox heyran qaldım. Xüsusən də qısa müddətdə davam edən tikinti işləri həqiqətən heyrətləndiricidir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında işğaldan azad edilən Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyən belçikalı səyyah, Böyük Britaniyanın “Piki Reels” klubunun rəhbəri Yves Bouvie deyib.
“Mən üçüncü dəfədir ki, burada (işğaldan azad edilən torpaqlarda – red.) həyata keçirilən minatəmizləmə işlərini yaxından izləyirəm. Bilirəm ki, bu, böyük işdir. Bu gün bizə dedilər ki, ermənilər burada 1 milyon 500 minə yaxın mina basdırıb. Azərbaycanlıların bu minaları təmizləmək üçün bütün güclərini sərf etmələrinə heyran qalmamaq olmur. Təəssüf ki, beynəlxalq ictimaiyyət mina təmizləmə işlərində Azərbaycana kömək etmir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır.
Müharibənin 2020-ci ildə başa çatmasından 2024-cü il sentyabrın 30-dək 226 mina partlayışı baş verib, nəticədə uşaqlar və qadınlar da daxil olmaqla, 379 nəfər mina qurbanı (ölüb və ya yaralanıb) olub. Son 30 ildə isə Azərbaycanda mina qurbanlarının ümumi sayı 3458 nəfərdir.