İsveçin ən böyük turizm agentliklərindən biri, xizək itlərindən istifadə edən “Jukkasjärvi Vildmarksturer” lisenziyadan məhrum edilib və ona üç ay ərzində fəaliyyətini dayandırmaq əmri verilib.
AZƏRTAC xəbər verir ki, bu qərar heyvanlar aləminin mühafizəsi qanununun çoxsaylı pozulması halları və Norrbotten əyalət administrasiyasının tələblərinə uzun müddət məhəl qoyulmaması səbəbindən qəbul edilib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, turizm agentliyi itlər üzərində qanunsuz əməliyyatlar apararaq və qanundankənar baytarlıq preparatlarından istifadə edərək bu heyvanları saxlamağa davam edib.
Keçmiş işçilər tərəfindən toplanan sənədli sübutlar arasında itlərə qarşı zorakılıq videoları və qanunsuz dərmanların fotoşəkilləri var. Bu faktlar əlavə 350.000 kron cəriməyə səbəb olub. Turizm agentliyi itlərin çoxluğuna və onların saxlanması üçün kifayət qədər əlverişli şəraitin olmamasına görə dəfələrlə tənqid olunub, lakin turistlər arasında yüksək reytinqə malik olduğu üçün fəaliyyətini davam etdirib.
Agentliyin rəhbəri Mats Rullander məhkəmənin qərarına baxmayaraq, pozuntuların mövcudluğunu inkar etməkdə davam edir və lisenziyanın ləğvi barədə qərardan şikayət etməyi planlaşdırır. O, iddia edir ki, çoxlu sifarişlər alması və əməkdaşlarının olması səbəbindən fəaliyyətlərini göstərilən müddətdə başa çatdırmaq demək olar ki, mümkün deyil.
Norrbotten əyalətinin rəhbərliyi bu qərarların yalnız heyvanların qorunması zərurətinə əsaslandığını vurğulayır, onların turizm mövsümünə və şirkətin işgüzar münasibətlərinə təsirinə məhəl qoymur.