Dövlət Turizm Agentliyi Azərbaycanın təbiət ərazilərini tanıtmaq və nümayiş etdirmək, ekoturizm fəaliyyətlərini təşviq etmək məqsədilə Bakı və Abşeron ərazilərinə, eləcə də Xızı rayonuna infotur keçirib.
DTA-dan AZƏRTAC-a bildirilib ki, müxtəlif turoperator və turagentliklərin nümayəndələri, videobloger və müstəqil bələdçilərin iştirakı ilə reallaşan infotur çərçivəsində Abşeron və Altıağac Milli parkları, habelə təbiət və ekoturizm potensialı olan digər ərazilər ziyarət edilib.
İnfoturlar “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq keçirilir.
Əsas məqsəd bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinin təmin edilməsi, bölgələrdə turizm sənayesinin fəaliyyət miqyasını genişləndirmək, turizm vasitəsilə "yaşıl artım" konsepsiyasını dəstəkləmək, həmçinin bunun nəticəsində regionlarda məşğulluq səviyyəsini artırmaqdır.