Müştəri məmnuniyyətinin ölçülməsi məqsədilə Abşeron dairəvi üzrə stansiyalarda QR kod sorğu stikerləri yerləşdirilib.
Bilet kassalarında yeni nəsil pos-terminalların bilet satış sisteminə inteqrasiya prosesi testi aparılıb. Azərbaycan Dəmiryol Muzeyində bilet satış sisteminin və özünəxidmət köşkünün avtomatlaşdırılması işi yekunlaşaraq Abşeron dairəvi bilet satışı sisteminə inteqrasiya edilib.
Sərnişinlərin rahat səyahəti üçün Abşeron dairəvi dəmiryol xəttində də bir sıra yeniliklər tətbiq edilib. Bu marşrut üzrə səfər edən sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında turniketlərin sayı artırılıb, sərnişinlərin platformalara keçidi sürətlənib. Turniket sayı 28-dən 36-ya çatdırılmış Bakı Dəmiryol Vağzalında 1 dəqiqədə maksimum buraxılış gücü 750 nəfərdən 1000 nəfərə, turniket sayının 4-dən 10-a artırıldığı Koroğlu dayanacağında isə 108 nəfərdən 270 nəfərə yüksəlib.
Bütün bu addımlar sərnişindaşıma göstəricilərində yüksək artım tempinə zəmin yaradıb. Belə ki, dəmir yolları ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7,1 milyon, 2024-cü ildə isə təqribən 8,5 milyon nəfər təşkil edib. Yəni 2023-cü ildə olduğu kimi, ötən il də nəzərdə tutulmuş hədəf aşılaraq ilk dəfə il ərzində 8 milyondan çox sərnişin daşınıb. 2024-cü ildə həftəiçi bəzi günlərdə sərnişin sayı 37 minə qədər yüksəlib, 2023-cü ildə bu göstərici 30 min olub.
Hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyən ADY inklüziv cəmiyyət prinsiplərinə xüsusi önəm verir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir. ADY əvvəlki illərdə olduğu kimi, ötən il də bütün sərnişinlərə bərabər səyahət imkanlarının yaradılması istiqamətində bir sıra işlər görüb. Buna misal olaraq autizmli şəxslərin cəmiyyətimizə inteqrasiyası üçün bir çox layihələr həyata keçirilib, qatar bələdçiləri həssas qruplarla davranış qaydaları barədə təlimlərə cəlb edilib. Həmçinin autizmli şəxslərin cəmiyyətə qazandırılması istiqamətində çalışan təşkilatlarla sıx əməkdaşlıq edilir, müntəzəm olaraq maarifləndirici tədbirlər həyata keçirilir.
Bununla yanaşı, qatarlarda inklüziv səyahətin təmin edilməsi məqsədilə əlilliyi olan şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər təklif olunur. İstər oturacaqlarda nömrələmə sistemi, istərsə də digər məlumat lövhələrində yazılar Brayl əlifbasında təqdim olunur, xüsusi giriş qapısı, sanitar qovşaq, oturacaqlar nəzərdə tutulub. Həmçinin onlayn bilet alışı zamanı sərnişinlərimiz üçün rəsmi saytımızda müyəssərlik menyusu seçimi yaradılıb. Müyəssərlik menyusu epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə, sağlamlıq imkanları məhdud sərnişinlər üçün nəzərdə tutulub. Həmin şəxslər menyuya daxil olmaqla saytın görünüşünü, kontrastını, mətnin ölçü və aralığını dəyişərək öz fərqliliklərinə uyğunlaşdıra bilərlər.
Bütün bu işlərin görülməsində, mühüm irəliləyişlərin əldə olunmasında ADY-nin işçi heyətinin rolu əhəmiyyətlidir. Sərnişinlərlə birbaşa ünsiyyətdə olan əməkdaşlar yüksək keyfiyyətli xidmət göstərmək üçün etiket qaydaları, müştərilərlə davranış və ingilis dili üzrə təlimlərdə, həmçinin ətraf mühitin mühafizəsi mövzusunda seminarlarda iştirak ediblər.
Mütəmadi olaraq sərnişin yönümlü təşəbbüslərlə çıxış edən Azərbaycan Dəmir Yolları 2024-cü ildə də missiyasına sadiq qalaraq sərnişinlərin rahat və təhlükəsiz daşınmasını səmərəli şəkildə təşkil edib, xidmət keyfiyyətini yüksəldib.