Bu il Qəbələnin hotel və mehmanxanalarında qonaqlayan turistlərin sayı 20 faizdən çox artıb

Cari ilin yanvar-mart aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 17 min 822 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 9 min 31 nəfəri və ya 50,7 faizi Azərbaycan, 8 min 791 nəfəri və ya 49,3 faizi xarici ölkə vətəndaşı olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin birinci rübündə Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3025 nəfər və ya 20,4 faiz artıb. Üç ayda yerli turistlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 1030 nəfər və ya 12,9 faiz, əcnəbi turistlərin sayında isə 1995 nəfər və ya 29,4 faiz artım qeydə alınıb.

İdarədən verilən məlumata görə, cari ilin yanvar-mart aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları əvvəlki aylarda olduğu kimi, yenə də üstünlük təşkil edib. Belə ki, üç ayda bu ölkənin 4667 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-mart aylarında Qəbələyə Birləşmiş Ərəb Əmirliklərindən 1066, Səudiyyə Ərəbistanından 635, Pakistandan 616, Küveytdən 262, Rusiya Federasiyasından 197, Qətərdən 150, Omandan 109, Türkiyədən 101, İsraildən 61 turist səfər edib. Gələnlərin 927 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Üç ayda Qəbələ rayonu ərazisində yerləşən 20 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 102 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub.