AZƏRTAC yeni rubrikası çərçivəsində Azərbaycan rayonları, Bakı və onun ətrafında yerləşən maraqlı, lakin az tanınan görməli yerlər haqqında məlumat verməyə davam edir.
Bu dəfə yolumuz Mir Teymur Məmmədovun ev-muzeyinə düşür. Bu məkan sadəcə bir yaşayış evi deyil – burada keçmişin nəfəsi hiss olunur, divarlar sanki danışır, sükut isə dərin mənalar daşıyır.
İçərişəhərin düz mərkəzində, Müslüm Maqomayev küçəsi, 90 ünvanında yerləşən bu evi başqa heç bir bina ilə səhv salmaq mümkün deyil. Onun fasadı sanki bir sənətkarın röyalarını əks etdirir: hər biri ayrıca sənət əsəri olan yüzlərlə keramika plitəsi ilə bəzədilib. Üçmərtəbəli binanın həm xarici, həm də daxili həyət divarları plitələrlə, kiçik barelyeflərlə, kişi və qadın fiqurları, heyvan obrazları, bürc işarələri, simvollar və mifoloji varlıqlarla bəzədilib. Bütün bu elementlər bir-biri ilə vəhdət təşkil edərək divarları canlı bir məna mozaikasına çevirir və muzeyə daxil olan hər kəs üçün vizual bir qalereya yaradır.
Muzeyin içində isə dar dəhlizlər, dərin sükut, elə bil bir dəqiqə əvvəl qoyulmuş alətlərlə dolu emalatxana, kitablar və qeydlər — hər şey sənətkarın əllərinin istiliyini, yaradıcılıq nəfəsini qoruyub saxlayır. Mir Teymur Məmmədovun ev-muzeyi — keçmişlə dialoqa dəvətdir.
Bura, sənətin torpaqla, tarixlə, insan ruhu ilə danışdığı yerdir. Burada gil dilə gəlir, keçmiş bu günlə danışır və ziyarətçi hər addımda daxili sükutunu tapır.