Dövlət Turizm Agentliyi: Milli qastronomiyaya elmi yanaşma tətbiq ediləcək

Dövlət Turizm Agentliyi gələcək 3 ildə qastronomiya sahəsində dərin təhlil və milli qastronomiyaya elmi yanaşma tətbiq edəcək.

"Report" xəbər verir ki, bunu agentliyin qastroturizm bölümünün rəhbəri Səkinə Əsgərova Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın qastroturizm perspektivləri mövzusunda keçirilən media təqdimatında bildirib.

Onun sözlərinə görə, qastronomiya tədrisinin bakalavr səviyyəsinə çatdırılması istiqamətində işlər görüləcək: “Azərbaycan qastronomiyasının qlobal miqyasda brendləşməsi istiqamətində addımlar atılacaq və Azərbaycanın regional qastronomiya imkanlarının inkişaf etdirilməsi üçün fəaliyyət göstəriləcək. Azərbaycan Milli Qastronomiya və Milli Mətbəxinin tarixi konseptinin yaradılması ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulub”.

O bildirib ki, əsas hədəflərdən biri aşpazlıq tədrisinin bakalavr səviyyəsinə çatdırılmasıdır: “Millidadlar.az" onlayn portalına daxil olan insanlara imkan verəcək ki, Azərbaycanın milli qastronomiyasının tarixi köklərinə bir hekayə, bir vizual tərəfdən baxa bilsinlər: “Yəni onun tarixi daha əyləncəli formada öyrənilə bilsin".

S.Əsgərovanın sözlərinə görə, Azərbaycan qastronomiya sənayesinin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara malik olan aşpazlara böyük ehtiyacı var: "Bunun fonunda tədris proqramı tərtib etmişik və Bakı Turizm Peşə Məktəbindən bir qrup tələbəsi bu proqram çərçivəsində məzun olub. Düşünürəm ki, bizim məlumat bazanız, materiallarımız və son üç ildə əldə etdiyimiz tədris səviyyəsi sayəsində bunu bakalavr səviyyəsinə çatdıra bilərik. Təəssüf ki, hazırda regionda aşbazlıq və qastronomiya sahəsində tədrisin 90 %-i peşə səviyyəsi ilə məhdudlaşıb".