Bakı BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasına ev sahibliyi edir

İyunun 5-də Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə 40-a yaxın ölkədən 150-dən çox nümayəndə iştirak edir. Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluğunu bildirib. Qeyd edib ki, iclas çərçivəsində maraqlı və turizm sahəsində mühüm məsələlər müzakirə mövzusu olacaq. O, son il ölkəmizin turizm sahəsində qazandığı uğurlardan danışıb.

Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Natalia Bayona Azərbaycanda turizm sahəsinin inkişafı istiqamətində aparılan işləri yüksək qiymətləndirib və tədbirin işinə uğurlar arzulayıb.

Qeyd edək ki, bu ilin yanvarında İspaniyada keçirilən “FITUR” beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə BMT Turizmin baş katibi Zurab Pololikaşvili arasında Təşkilatın Madriddəki Baş qərargahında keçirilən görüşdə BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasının iyunun 4-6-da Azərbaycanda keçirilməsi haqqında müqavilə imzalanıb.