AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Növbəti ünvan “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğudur.
Bakının mərkəzindən təxminən 30 kilometr aralıda, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu Azərbaycanın ən unikal abidələrindən biri hesab olunur. Bu müqəddəs məkan qədim dövrlərdə zərdüştilərin ibadətgahı kimi tanınıb. Əbədi alova mistik güc verən atəşpərəstlər burada yerləşən təbii qaz çıxışlarından alovlanan odu müqəddəs sayaraq, ibadət etmək üçün bu məkana üz tutublar.
Tarixi mənbələrə əsasən, “Atəşgah məbədi”nin ən qədim tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə isə burada ibadət üçün xüsusi hücrələr, zəvvarların qalması üçün karvansara və digər tikililər inşa edilib. Bu abidə təkcə dini baxımdan deyil, həm də memarlıq xüsusiyyətlərinə görə böyük maraq doğurur.
Bu gün “Atəşgah məbədi” təkcə Azərbaycanın deyil, həm də dünyanın müxtəlif yerlərindən gələn turistlərin maraq mərkəzindədir. Tarixi və dini dəyərləri qoruyub saxlayan bu abidə ölkənin mədəni irs xəzinəsində xüsusi yer tutur.