Əbu-Dabi və Qəbələ arasında birbaşa uçuşlar Azərbaycan regionlarının beynəlxalq nəqliyyat və logistika dəhlizlərinə inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır.
“Report”un Qəbələyə ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Azərbaycan hava limanlarının əməliyyatlar üzrə direktoru Teymur Həsənov Əbu-Dabidən Qəbələyə birbaşa reysin açılması çərçivəsində təşkil edilən media-tur zamanı jurnalistlərə bildirib.
"Bu reys Qəbələnin qlobal aviasiya xəritəsindəki mövqeyini möhkəmləndirməklə yanaşı, həm də ölkənin şimal-qərb regionunun turizm, investisiya və logistika potensialının artırılmasına töhfə verir. Biz bu marşrutu beynəlxalq hava əlaqəsinin inkişafı üzrə regional strategiyanın bir hissəsi, həmçinin Azərbaycanın Avrasiyanın mərkəzində yerləşən dinamik nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən genişmiqyaslı inkişaf konsepsiyasının elementi kimi nəzərdən keçiririk", - o qeyd edib.