Kaşqar Çinin ən qərb hissəsində, Sintszyan-Uyğur Muxtar Rayonunda, Qırğızıstanla sərhədin cəmi 130 kilometrliyində yerləşən şəhərdir. Bu, coğrafi və mədəni dəyərlərin kəsişdiyi məkandır.
AZƏRTAC-ın müxbiri “China News Service” agentliyinin Sintszyan bölməsi tərəfindən təşkil olunan mediatur çərçivəsində Kaşqarda olub. Səfər “Kaşqar – Mərkəzi və Cənubi Asiya” adlı illik beynəlxalq ticarət sərgisinə həsr olunub. Həmin tədbir Çinin bu qədim şəhərində biznes nümayəndələri, investorlar və jurnalistləri bir araya gətirib.
Sintszyan rayonu Çinin şimal-qərbində, Avrasiya qitəsinin tam mərkəzində yerləşir. Bölgənin sahəsi 1,664,900 kvadrat kilometrdir ki, bu da onu ölkənin ən böyük əyalət inzibati qurumu edir. Sintszyan, həmçinin Çində ən uzun quru sərhədinə malikdir (5700 kilometrdən çox) və eyni vaxtda səkkiz ölkə - Monqolustan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Pakistan və Hindistan ilə həmsərhəddir.
Sincan uzun illərdir ki, burada yaşayan xalqların və dinlərin müxtəlifliyi ilə məşhurdur. Bu rayonda 56 millətin nümayəndələri kompakt şəkildə yaşayır ki, onların ən böyüyü uyğurlar, çinlilər (hanlar), qazaxlar, qırğızlar, tatarlar, ruslar, özbəklər, taciklər, monqollar, dunqanlar və mancurlardır. Qədim dövrlərdən Şərqlə Qərb arasında ticarət və mübadilənin ən mühüm arteriyası olan Böyük İpək Yolu da Sincandan keçirdi.
Kaşqar əsrlər boyu öz mədəni müxtəlifliyini qoruyub saxlayıb: burada uyğur ənənələri, Çin təsiri, Orta Asiya irsi və fars Şərqinin əks-sədaları bir-birinə qarışıb. Əhalinin 80 faizindən çoxunu uyğurlar təşkil edir və şəhərin görkəmini müəyyən edən də onların mədəniyyətidir: məscidlərin mavi günbəzləri, zərif ağac oymaları, “Min bir gecə” nağıllarında təsvir edilən səs-küylü bazarlar.

“Tszyanqoqo” – dəyişikliklərin rəmzi olan meyvələr
Mediaturun ilk dayanacağı Sincan-Uyğur Muxtar Rayonunun aqrar-sənaye kompleksinin aparıcı müəssisəsi olan “Kashgar Jiangguoguo Agricultural Technology Co., Ltd” oldu.
“Kashgar Jiangguoguo” quru meyvələr, badam, qoz, mövsümi təzə meyvələr və eyni dərəcədə dadlı və sağlam olan başqa məhsullar istehsal edən şirkətdir. O, 2015-ci ilin noyabrında yaradılıb və milli yüksək texnologiyalı şirkət və muxtar rayonun kənd təsərrüfatının sənayeləşdirilməsinin əsas müəssisəsidir. Müəssisə rayonun meyvə bağlarının müasirləşdirilməsində mühüm rol oynayıb, burada 4500 hektar sahədə abadlıq işləri aparılıb və 100 min tondan çox məhsul əldə edilib.
Şirkət bu günədək 76 kooperativlə əməkdaşlıq edir, 3500 yerli sakin işlə təmin olunub və “müəssisə+kooperativ+bağban” biznes modeli həyata keçirilib. Onun məhsulları həm daxili, həm də beynəlxalq bazarlarda satılır.
Belə görünə bilər ki, bir kənd təsərrüfatı şirkəti ən turistik yer deyil, lakin “Tszyanqoqo”ya səfər ən maraqlı tanışlıqlardan biri oldu. Media nümayəndələri bu kənd təsərrüfatı şirkətinin fəaliyyəti ilə tanış oldu, həmçinin məhsulların dadına baxdılar.

Sintszyanda milli musiqi alətləri kəndi
Kaşqarın yaxınlığında yerləşən milli musiqi alətləri kəndinə səyahət xüsusi təəssürat yaratdı. Əsr yarımdan çoxdur ki, burada uyğur alətlərinin hazırlanması ənənəsi diqqətlə qorunub saxlanılır və sanki, atmosferin özü də musiqi ilə doludur. Bir emalatxanada usta ravap (simli musiqi aləti - red.) üçün taxta düzəldir, digərində isə dütarın (simli musiqi aləti - red.) melodiyaları səslənir, ecazkar səslər isə zamanın davamlılığı hissi yaradır.
XXI əsrdə belə, bu kənddə 150 il əvvəl olduğu kimi, hələ də əl ilə alətlər düzəldilir. Bu gün burada dütar, ravap, dəf (zərb musiqi aləti - red.) və tambura (simli musiqi aləti - red.) daxil olmaqla 27 kateqoriya və 50-dən çox çeşiddə musiqi alətləri istehsal olunur. Beş metr hündürlüyündə nəhəng dütar kəndin simvoluna və onun əsas rəmzinə çevrilib.

Yerli sənətkarlar Çinin qeyri-maddi mədəni irsinin mühafizəçiləri kimi tanınırlar. Onların məhsulları dəfələrlə rekordlar vurub: 2004-cü ildə onların 5 metrlik dütar və 3,7 metrlik ravaplar Çinin milli qeyri-maddi mədəni irsinin ikinci siyahısına daxil edilib.
2008-ci ildə məşhur sənətkar Rəhman Abdulla rəsmi olaraq bu mirasın hamisi kimi tanınıb.
Kənd 3A kateqoriyalı turizm zonası və milli qeyri-maddi mədəni irsin mühafizəsi üzrə nümayiş bazası statusuna malikdir. Bu yer təkcə ənənəvi sənətkarlıq mərkəzinə deyil, həm də insanların uyğur sənətkarlarının bənzərsiz məharətini görməyə gəldiyi mədəni turizmin məşhur məkanına çevrilib.
Səfər yerli musiqiçilərin ekspromt konserti ilə başa çatıb: Şərq zövqü ilə zəngin ravap və dütarın sədaları tarixin yaddaşından gələn səs kimi insanı valeh edir.

Ənənəvi Çin təbabəti üzrə Kaşqar Mahal Xəstəxanası
Səfər proqramının növbəti hissəsi 2019-cu ildə əsası qoyulmuş Kaşqar Rayon Ənənəvi Çin Təbabəti Xəstəxanasını ziyarət etmək idi. Burada qədim Şərq müalicəsi fəlsəfəsi və müasir tibbin nailiyyətləri bir dam altında ahəngdar şəkildə birləşdirilib.
Bu, yüksək standartlara uyğun tikilmiş, müalicə, təhsil, elmi tədqiqat, təcili yardım, profilaktika, sağlamlığın möhkəmləndirilməsi və reabilitasiya funksiyalarını özündə birləşdirən modern dövlət tibb müəssisəsidir. Xəstəxana 800 çarpayı üçün nəzərdə tutulub, burada 26 klinik şöbə və 8 diaqnostika bölməsi fəaliyyət göstərir. Hər gün 300-ə yaxın mütəxəssis, o cümlədən elmlər doktoru rayon sakinlərinə köməklik göstərir.
Müəssisə Şandunq Ənənəvi Çin Tibb Universitetinin tibb qrupunun, Sincan Tibb Universiteti Ənənəvi Çin Tibb Xəstəxanasının Kaşqar filialının, həmçinin Kaşqar Universitetinin tədris bazasının üzvüdür.
Xəstəxana 12 regional tibb ittifaqına qoşulub, məşhur Ənənəvi Çin Təbabəti (TCM) mütəxəssislərinin 15 əyalət ofisini, tanınmış TCM həkimlərinin 3 milli ofisini, “Huangdi Neijing” (TCM üçün əsas olan qədim Çin mətni - red.) alimlərinin 2 kabinetini açıb, habelə köhnə Çin əczaçılarının təcrübəsinin ötürülməsi üçün milli emalatxana statusu alıb və Çin Akupunktur Assosiasiyasının Cənubi Sincanda ilk ekspert stansiyasını təsis edib.
Qurum “Bir kəmər, bir yol” təşəbbüsünün dayaq məntəqəsinə çevrilib və Çindən kənarda ənənəvi təbabəti fəal şəkildə təbliğ edir. Əsrlər boyu ticarət yollarının kəsişdiyi Kaşqarda indi səhiyyəyə iki yanaşmanın - Şərq və Qərb ənənələrinin birləşməsi də simvolikdir.

“Dunhu” məhəlləsində sosial qayğı
2017-ci ildə yaradılan Dunhu mikrorayonuna səfər də az təsiredici deyildi. İlk baxışdan, bunlar adi yaşayış kompleksləri təəssüratı yaradır, amma, əslində, bu yaşayış məntəqəsi sosialyönümlü şəhər idarəçiliyi modelinə çevrilib. Mikrorayona Dunhu və Honyan yaşayış kompleksləri daxildir. Bu gün burada 2600-ə yaxın ailə, ümumilikdə 6200-dən çox insan yaşayır, əhalinin 62 faizini qocalar və uşaqlar təşkil edir.
Son illər mikrorayonda ahıl vətəndaşların və yetkinlik yaşına çatmayanların ehtiyaclarına xüsusi diqqət yetirilir, şəhər idarəetməsinin müasirləşdirilməsi proqramı fəal şəkildə həyata keçirilir. Burada əhalinin bu sosial əhəmiyyətli qruplarına xidmətdə yeni yanaşmaların yaradılmasına yönəlmiş “Yaşlı və gənc nəsillərə hərarətli qayğı” proqramı hazırlanıb və uğurla həyata keçirilir.
Mikrorayon sakinləri üçün inkişaf etmiş infrastruktur yaradılıb: ahıllar üçün istirahət mərkəzi, gündüz baxımı evi, xüsusi yeməkxana, musiqi, şahmat, xəttatlıq və rəsm otağı, rəqs zalı, badminton və stolüstü tennis üçün idman meydançaları, müasir uşaq oyun meydançaları.
Mikrorayonun ətrafında gəzinti zamanı bu sistemin necə işlədiyinin canlı şahidi oluruq. İstirahət mərkəzində yaşlı sakinlər şahmat oynayır, xəttatlıqdan istifadə edərək kağıza heroqlif yazmağı öyrənirlər. Qonşu otaqda qadınlar milli musiqi sədaları altında rəqs edirlər. Küçədə uşaqların gülüş səsləri eşidilir, onlar işıqlı oyun meydançasında oynayırlar.

Milli Aqrosənaye Parkı
Proqramın yekun nöqtəsi “sitsza” gavalısının yetişdirilməsi üzrə ixtisaslaşmış milli müasir Aqrosənaye Parkına səyahət idi. Parkın ərazisi 24 hektardır, burada 6 elmi institut və 8 elmi-tədqiqat qrupu fəaliyyət göstərir.
Aqrosənaye Parkı ümumi həcmi 300 min tondan çox olan məhsulların saxlanması üçün müasir logistika sisteminə malikdir.
Burada emal edilən gavalı meyvəsindən şirələrdən və mürəbbələrdən tutmuş şərablara və quru meyvələrə qədər 20-dən çox məhsul növü istehsal olunur. Park məhsulların milli və xarici bazarlara çıxarılmasını təmin edir, bu məqsədlə Çinin və dünyanın aparıcı şirkətləri ilə fəal əməkdaşlıq edir.

Jurnalist üçün bu səfər muzey vitrinlərinin şüşələri arxasında qorunan, həm də hər addımda nəfəsi hiss edilən tarixlə sıx təmasda olmaq deməkdir. Kaşqar insanın nağıllar aləmində, eyni zamanda müasir dünyanın mərkəzində olması hissi doğurur.
Bu şəhərdən gedərkən düşünürsən ki, Kaşqarı bir səfərdə kəşf etmək mümkün deyil. Bu ecazkar məkanı ancaq hiss etmək, onunla nəfəs almaq olar. Kaşqarı Şərqin Qərblə qovuşduğu, zamanın isə əbədiyyətə çevrildiyi bir məkanın xatirəsi kimi qəlbinizdə özünüzlə apara bilərsiniz.