Bakıda “China Ready” proqramının təqdimatı keçirilib

Avqustun 27-də Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi turizm istiqamətinə çevirmək, həmçinin turizm sənayesinin çinli turistləri qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək məqsədi daşıyan “China Ready” proqramının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Prezident İlham Əliyevin cari ilin aprel ayında Çinə dövlət səfərinin turizm sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün yeni perspektivlər və yeni vəzifələr müəyyənləşdirdiyini, hər iki ölkə vətəndaşlarının vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin turist axınının artmasına, turizm sahəsində işgüzar fəaliyyətin, iqtisadi, humanitar və mədəni əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildirib.

O, Çinin Azərbaycan turizmi üçün əsas strateji və prioritet bazarlardan biri olduğunu, son dövrlərdə çinli turistlərin sayında nəzərəçarpacaq artımın müşahidə edildiyini, fəal təmsilçiliyin təmin edilməsi və Çin bazarının potensialının daha yaxşı dəyərləndirilməsi məqsədilə yaxın müddətdə Azərbaycan Turizm Bürosunun Çində daimi nümayəndəliyinin açılmasının planlaşdırıldığını qeyd edib.

“China Ready” proqramı çərçivəsində ekspertlər tərəfindən mehmanxana, nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla 100-dən çox turizm sənayesi nümayəndəsinə praktik tövsiyələr və Çin bazarında fəaliyyət üçün aktual yanaşmalar üzrə təlim keçiriləcək. Təlimdə Çin turizm bazarının dinamikası, çinli turistlərin gözləntilərinə uyğun brend quruculuğu və turizm məhsulunun hazırlanması, istehlakçı davranış modelləri və Çin turizm bazarına çıxış strategiyaları haqqında təqdimatlar ediləcək.

Təlimdə iştirak edən və yekun imtahandan uğurla keçən iştirakçılara rəsmi sertifikat veriləcək və növbəti 12 ay ərzində e-poçt vasitəsilə Çin turizm bazarı üzrə yenilənmiş məlumatlar göndəriləcək.

Qeyd edib ki, “China Ready” beynəlxalq səviyyədə tanınan təlim və sertifikatlaşdırma sistemidir. Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi şəkildə tanınan proqram çinli turistlərin qəbulu üçün zəruri tələbləri müəyyənləşdirir. 2002-ci ildə yaradılmış “China Ready” proqramı Çin turizm bazarında rəqabət qabiliyyətini artırmaq istəyən ölkələr üçün nümunəvi model kimi artıq 6 qitə üzrə 53 ölkədə tətbiq olunub.

Onun sözlərinə görə, 2024-cü il ərzində Azərbaycan Respublikasına səfər edən Çin Xalq Respublikası vətəndaşlarının sayı 2023-cü illə müqayisədə 93 faiz artaraq 44 min 798 nəfərə çatıb. Cari ilin 7 ayı ərzində isə 34 mindən çox Çin vətəndaşı ölkəmizə gəlib ki, bu da 56 faiz artım deməkdir.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid qeyd edib ki, bu gün Çin dünyanın ən böyük xarici turist bazarıdır və Azərbaycanın bu geniş bazardakı payı getdikcə artır. Azərbaycan ilə Çin arasında ikitərəfli vizasız rejim bu artımı dəstəkləyən əsas amillərdəndir. Bu, bizim üçün Azərbaycanı çinli turistlər üçün səyahət məkanı kimi təqdim etmək baxımından unikal fürsət yaradır. Burada əsas məqsəd yalnız Azərbaycanın təbliği deyil, həm də yerli tərəfdaşlarımızın Çinli turistlərin xüsusi ehtiyaclarına cavab verəcək şəkildə tam hazırlıqlı olmalarını təmin etməkdir.

“Noyabrda Bakıda “China Visitor Summit” tədbiri keçiriləcək. On ildən çoxdur ki, bu platforma Çin şirkətlərini beynəlxalq turizm istiqamətləri ilə birləşdirir. Bu tədbiri ilk dəfə Azərbaycanda təşkil edərək, Çinin aparıcı 15 şirkətini ölkəmizdə qəbul edəcəyik. Onlar seminarlar, fərdi görüşlər və ölkənin müxtəlif bölgələrinə tanıtım səfərləri vasitəsilə Azərbaycanı birbaşa tanışlıq imkanı qazanacaqlar”, - deyə Florian Zenqstşmid bildirib.

“China Travel Online” şirkətinin baş icraçı direktoru Dr.Marcus Lee deyib ki, Azərbaycanda olmaq böyük şərəfdir. “Azərbaycan təbiət möcüzələri ilə zəngin bir ölkədir Bura tarix, mədəniyyət və ticarətin kəsişdiyi bir məkandır.

Əsrlər boyu İpək yolu Çini Azərbaycanla birləşdirib. Tacirlər, səyyahlar bu torpaqlardan keçərək iki min illik ənənəni yaşadıblar. Bu gün, yeni əsrdə, biz bu ənənəni turizm vasitəsilə yeniləməyə hazırıq”, - deyə Marcus Lee bildirib.

Sonda proqram iştirakçıları üçün seminar təşkil olunub.