AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: “Azərbaycanın incisi” Ordubad.
Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonu hər qarışı əcdadlarımızın milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən söz açan qədim məhəllələri ilə tanınır. Onlardan biri də Sərşəhər məhəlləsidir.
Bu qədim məhəllənin meydanı illərdir el bayramlarının, əlamətdar günlərin qeyd olunduğu məkana çevrilib. Xüsusilə də milli adət-ənənələrimizi, milli kimliyimizi özündə ehtiva edən Novruz bayramı bu meydanda keçirilir. Meydana nəinki ordubadlılar, Naxçıvan şəhərindən, muxtar respublikanın, ölkənin digər bölgələrindən də gələnlər az olmur. Məhəllə qədim quruluşu, özünəməxsus ab-havası ilə xarici turistləri də heyran edir.
Ordubadın digər qədim məhəllələri kimi, Sərşəhərin də məscidi, çinarı və kəhrizi var. Sərşəhər məscidi XVIII əsrə aiddir. Məscid Nazirlər Kabinetinin qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Sərşəhər məscidinin bərpası da nəzərdə tutulub.