Gəncənin tarixi Çökək hamamı

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Gəncənin tarixi Çökək hamamı

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Gəncədə yerləşən Çökək hamam şəhərin tarixi ruhunu yaşadan unikal memarlıq abidələrindəndir. Ənənəvi Şərq memarlığının incəliklərini özündə əks etdirən bu tikili həm memarlıq üslubu, həm də keçmişin hamam mədəniyyətini günümüzə daşıması baxımından xüsusi maraq doğurur.

Hazırda muzey statusunda fəaliyyət göstərən Çökək hamam Gəncəyə gələn turistlərin maraqla ziyarət etdiyi məkanlardandır. Abidənin interyerində saxlanılan orijinal elementlər və bərpa işləri onu daha da cəlbedici edir.

Gəncə şəhərinin mərkəzində yerləşən “Çökək hamam” 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilib. Hamam I Şah Abbasın əmri ilə tikildiyi üçün el arasında ona “Şah Abbas hamamı” da deyirlər.

Hamamın “çökək” adlandırılması onun quruluşundan irəli gəlir. Belə ki, suyun təzyiqini təmin etmək üçün onu çökəkdə inşa ediblər.

2001-ci ildə “Çökək hamam” yerli əhəmiyyətli mədəniyyət abidəsi statusu alıb. Bu memarlıq abidəsi 2013-cü ildə təmir olunub.

Gəncədəki Heydər Əliyev prospektində, şəhərin mərkəzində – piyada gəzinti zonası yaxınlığında yerləşən Çökək hamam həm asan əlçatanlığı, həm də estetik görünüşü ilə fotoçəkiliş həvəskarları və mədəni turizmlə maraqlananlar üçün ideal məkandır.

Gallery