AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: budəfəki ünvan Azərbaycanın füsunkar guşələrindən biri olan Laçındır.
Laçın şəhəri dağlarla və meşələrlə əhatə olunub, saf bulaqları ilə tanınır. Həm yayda, həm də qışda gözoxşayan təbiət mənzərələri turistlərin diqqətini cəlb edir. Gün batımında dağların arxasından düşən işıq şəhərə xüsusi gözəllik qatır. Həkəri çayı boyunca salınan istirahət parkları və düşərgələr isə buranı Azərbaycanın əsas ekoturizm mərkəzlərindən birinə çevirir.
Rayonda yenidən qurulan yaradıcılıq mərkəzləri, mədəniyyət ocaqları da diqqətçəkən məkanlardandır. “Yurd” qalereyası, “İslimi” xalçaçılıq, “Gilabi Ceramics” yaradıcılıq, “Hoçazfilm” və “Lacinema” mədəni mərkəzləri həm yerli istedadların üzə çıxmasına, həm də Laçının zəngin mədəni irsinin yaşadılmasına xidmət edir. Laçında həftəsonları fəaliyyət göstərən “Həftə bazarı” da sakinlərin və bura gələn qonaqların diqqət mərkəzindədir. Onlar burada həm yerli məhsul alır, həm də Laçının gözəlliklərini seyr edə bilirlər.
“Zerti” Aqrosənaye Parkında kənd təsərrüfatı məhsulları becərilir, həmçinin burada ayaqqabı və mebel fabriki fəaliyyət göstərir.
Bir sözlə, Laçın şəhəri təbiətlə yaradıcılığın bir araya gəlməsi ilə dağların qoynunda bir incidir.