“Turistik kəndlər” layihəsi: İlisu kəndi – təbiəti, tarixi və mədəniyyəti ilə turistlərin sevilən məkanı

Turizm ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən sayılır. Milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində də bu sahəyə xüsusi önəm verilib.

AZƏRTAC-n bölgə müxbiri xəbər verir ki, Dövlət Turizm Agentliyi yeni “Turistik kəndlər” layihəsinə başlayıb. Bu layihəyə daxil olan kəndlərdən biri də Qaxın İlisu kəndidir.

Böyük Qafqaz dağlarının ətəyinə sığınan İlisu ölkəmizdə il boyu ən çox qonaq qəbul edən yaşayış məntəqələrindən biridir. Tarixi memarlıq abidəsi Ulu körpü isə bu qədim diyarın vizit kartı hesab olunur.

İlisunun zəngin təbiəti, çoxəsrlik tarixi, mədəniyyət və arxeoloji abidələri, yerli əhalinin maraqlı dialekti və əlbəttə mətbəx mədəniyyəti də buraya yerli və xarici turistlərin marağını artıran amillərdəndir. Elə bu səbəbdəndir ki, ölkəmizin turizm xəritəsində müxtəlif bölgələri əhatə edən 8 yaşayış məntəqəsi “Turistik kənd” kimi qeyd olunur və bu istiqamətdə yeni konsepsiya hazırlanır. Layihədə İlisunun qeyd edilməsi isə heç də təsadüf deyil. Belə ki, İlisu tarixən infrasturuktura mailk olub və bu gün də ilin bütün fəsilərində bura qonaqlı-qaralıdır.

İlisu Tarix-Mədəniyyət Qoruğu və İlisu Dövlət Təbiət Qoruğu turistlərin diqqətini çəkən məkanlardandır. Qeyd edək ki, İlisuda 15-ə yaxın müxtəlif tarix-mədəniyyət abidəsi mühafizə olunur. Məhz bu amildən çıxış edən Dövlət Turizm Agentliyi İlisuda turizmin daha da şaxələnməsinə start verib.