Payız fəsli bir çox ölkələrdə qeyri-turizm mövsümü hesab olunsa da, bu dövr işgüzar səfərlər üçün xüsusilə əlverişlidir. Ölkəmizə payız aylarında təşrif buyuran turistlər adətən rəsmi və yüksək seqmentə daxil olur, bu da turizmin keyfiyyətli inkişafına töhfə verir. Payızın üstünlükləri arasında mülayim iqlim, dağlıq bölgələrdə rəngarəng landşaft, təmiz hava qeyd edilə bilər. Bu amillər turist axınının artmasına şərait yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.
Onun sözlərinə görə, turist axınını mütəmadiləşdirmək istiqamətində payız aylarında təşkil olunan festival, idman yarışları, konfranslar və digər mədəni fəaliyyətlər mühüm rol oynaya bilər.
“Bununla belə, bəzi xarici amillərdən asılı olaraq, gələn turistlərin sayı dəyişə bilər. Buna dünyada baş verən hadisələrin də sözsüz ki, təsiri var. Amma ölkəmizdə aparılan uğurlu xarici siyasət bu sahənin inkişafına öz müsbət təsirini göstərir. Azərbaycan uzunmüddətli müharibəni Qələbə ilə arxada qoyub. Bu əmin-amanlıq dövrü ölkəmizdə bütün mövsümlərdə turizm fəaliyyətinin davamlı olmasına imkan yaradacaq. Xüsusilə Qarabağ bölgəsində yaxın illərdə istifadəyə veriləcək sanatoriyalar payız fəsli üçün müalicə turizmini daha da əlverişli edəcək və bu bölgənin turizm potensialını yüksəldəcək”, - deyə R.Quliyev əlavə edib.