Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə yanaşı, həm də gözəl təbiəti ilə diqqəti çəkir. Şuşaya səfər edənlər hökmən Cıdır düzünə də gəlir, buradan açılan əsrarəngiz təbiət mənzərələri seyr edirlər.
Cıdır düzü Şuşa şəhərinin cənub tərəfində 1300-1340 metr hündürlükdə yerləşən ən məşhur təbii abidələrindən və istirahət yerlərindən biridir. Qarabağ xanlığı yaranandan burada at yarışları, milli çovqan (çövkən) oyunları, Novruz şənlikləri, pəhləvanların, kəndirbazların çıxışları, ədəbi məclislər, tamaşalar, müxtəlif xarakterli dünyəvi və kütləvi tədbirlər keçirilib.
Cıdır düzündən üzbəüz istiqamətdə Topxana meşəsini, aşağıda Daşaltı dərəsini – kanyonunu, dərənin dibi ilə gümüş kəmər kimi qıvrılıb axan Qarqar (Daşaltı) çayını, həmçinin ətrafda Üç mıx dağı, Ağzıyastı kaha, Xəznə qayası kimi mənzərəli yerləri görmək mümkündür. Ətrafdakı sal qayaların, dağlarda Günəşin qızıl şüalarına bürünmüş meşələrin gözəlliyi füsunkar təbiət harmoniyası yaradır. Qışda qarın, dumanın, yaz-yay aylarında al-əlvan çiçəklərin, payızda isə qızılı rəngə çalan meşələrin, qayaların arasında bitən itburnu və yemişan kollarının yaratdığı tablolar insanın ruhunu oxşayır, qəlbə sakitlik gətirir.
Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi də Cıdır düzünün yaxınlığında yerləşir.