AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Xocalı rayonunun Ballıca kəndindəki Damcılı bulaq
Qarabağ işğaldan azad olunandan sonra 30 il həsrətində olduğumuz bu torpaqları gəzir, təbiət gözəlliklərini – meşələri, dağları, bulaqları, çayları heyranlıqla seyr edirik. Qarabağda insanların üz tutduqları və maraqla qarşıladıqları, çoxlarının isə hələdə də xəbərsiz olduğu təbiət gözəlliklərindən biri Xocalı rayonunun Ballıca kəndindəki Damcılı bulaqdır.
Avtomobil yolunun kənarında yerləşən bu bulağı görmək üçün qarşısına enmək lazımdır. Pilləkənləri enib bulağın qarşısına gəldikdə isə təbiətin yaratdığı bu möcüzəvi gözəlliyə heyran qalmamaq olmur. Mağara formasında olan qayalardan suyun damcı-damcı axması, qayalarda bitən və yaşı bilinməyən ağaclar insanı valeh edir. Belə demək olar ki, bu təbiət abidəsi daşın, ağacın və suyun ülfətindən yaranıb. Payız fəslində isə ağacların, xəzanın qızılı, sarı rəngləri bura xüsusi gözəllik verir.