Bu ilin yanvar-oktyabr aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 78 min 486 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 38 min 4 nəfəri və ya 48,4 faizi Azərbaycan, 40 min 482 nəfəri və ya 51,6 faizi xarici ölkə vətəndaşıdır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar-oktyabr aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli turistlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 min 75 nəfər və ya 26,5 faiz artım, əcnəbi turistlərin sayında isə 14 min 639 nəfər və ya 26,6 faiz azalma qeydə alınıb.
Cari ilin yanvar-oktyabr aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları əvvəlki aylarda olduğu kimi, yenə də üstünlük təşkil edib. Belə ki, on ayda bu ölkənin 13 min 723 vətəndaşı Qəbələdə olub.
Ümumiyyətlə, yanvar-oktyabr aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 8963, Birləşmiş Ərəb Əmirliklərindən 4881, Pakistandan 2604, İsraildən 1765, Küveytdən 1522, Qətərdən 1011, Rusiya Federasiyasından 733, Özbəkistandan 367, Omandan 320, Türkiyədən 307, ABŞ-dan 274, Qazaxıstandan 270, Böyük Britaniyadan 234, Bəhreyndən 128, Yaponiyadan 124, Ukraynadan 115 turist səfər edib. Gələnlərin 3141 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
On ayda Qəbələ rayonu ərazisində yerləşən 21 mehmanxana və mehmanxana tipli müəssisədən 18-i fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 123,4 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. Oktyabrda turizm obyektlərində 965 işçi çalışıb.