Çin bu gün dünyada ən vacib xarici turizm bazarlarından biridir. Bu, Azərbaycana da böyük təsir göstərir, çünki ilbəil ölkəmizə gələn turistlərin sayı artır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid deyib.
O bildirib ki, Azərbaycan ilə Çin arasında vizasız rejimin tətbiqi turizm axınının artmasında mühüm rol oynayır. İki ölkə arasındakı vizasız gediş-gəliş Çindən ölkəmizə gələn turistlərin sayının artmasına əhəmiyyətli təsir göstərib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu artım artıq 51 faiz təşkil edir.
Florian Zenqstşmid “China Visitors Summit” çərçivəsində Çinin 51 böyük tur operatorunun Azərbaycana səfər etdiyini bildirib: “Onlar ölkəmizin yeni səyahət paketləri və proqramları ilə tanış olur, həmçinin yerli turizm və qonaqpərvərlik şirkətləri ilə görüşlər keçirirlər”.