Türkiyədə ilk “Ətir muzeyi” turistlərin xüsusi marağına səbəb olub

Türkiyənin İsparta vilayətində bərpa edilmiş tarixi Aya Panaya kilsəsinin ərazisində yerləşən ilk “Ətir muzeyi" yerli sakinlər və xarici turistlər arasında olduqca populyardır.

AZƏRTAC xəbər verir ki, bu il İsparta bələdiyyəsinin təşəbbüsü ilə açılan bu obyekt dünyada beşinci analoji muzeydir.

Muzeyin ekspozisiyası ictimaiyyəti Anadolunun ətir və rayihə mədəniyyətinin inkişaf mərhələləri barədə məlumatlandırmaq məqsədi daşıyır.

Buradakı kolleksiyada 4500 il əvvəl gül ləçəkləri də daxil olmaqla 16 müxtəlif inqrediyentdən istifadə edilərək yaradılmış ən qədim ətir formulu var.

Eksponatlar arasında əsrlər boyu ətirlərin saxlanması üçün istifadə edilən qablar, eləcə də onların yaradılması prosesi ilə bağlı arxeoloji tapıntılar da yer alır.

Muzeydə hər kəs ətir yaradılması üzrə qısa kursdan keçə və öz ətrini yarada bilər.

Qeyd etmək lazımdır ki, Anadolunun bu hissəsində yaşayan xristianlar XVIII əsr kilsəsindən gül yağı istehsalı və lavanda emalı mərkəzi kimi istifadə edirdilər.

Muzey işçiləri ziyarətçilərin diqqətini ətir istehsalının əmək tələb edən təbiətinə cəlb edir və nümunə olaraq gül yağını göstərirlər: “Bir litr gül yağı istehsal etmək üçün dörd ton gül ləçəyi lazımdır”.