Banqkok festivalında Azərbaycan rəngarəng proqramla təqdim olunub

Taylandın paytaxtı Banqkokda yerləşən “Chindamanee School”da Beynəlxalq Qida və Mədəniyyət Festivalı (International Food and Cultural) keçirilib. Tədbirdə Azərbaycan da daxil olmaqla, ümumilikdə 23 ölkə öz milli mətbəxini və mədəniyyətini nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, Tailandda yaşayan soydaşlarımız Fatimə və Elşən Bənnayevlərin təşəbbüsü ilə təşkil olunan Azərbaycan guşəsi ziyarətçilərin xüsusi marağına səbəb olub. Guşədə milli geyimlər, rəqslər, xalq sənəti nümunələri və zəngin Azərbaycan mətbəxinə aid ənənəvi təamlar təqdim edilib. Gün ərzində qonaqlar Azərbaycan çayına və paxlavasına böyük maraq göstəriblər.

Festival çərçivəsində Azərbaycan mədəniyyətinin rəngarəng şəkildə nümayişi ölkəmizin zəngin irsinin beynəlxalq auditoriyaya tanıdılması istiqamətində önəmli təşəbbüs kimi qiymətləndirilib

Azərbaycanın festivalda uğurlu iştirakı ölkəmizin mədəniyyətinin beynəlxalq aləmdə təşviqi istiqamətində atılan növbəti mühüm addımlardan biri kimi diqqət çəkib.