Azərbaycan BƏƏ və Səudiyyə Ərəbistanı ilə turizm məhsullarının inkişaf etdirilməsini müzakirə edib

Bu il dekabrın 1-7-də Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 21, Səudiyyə Ərəbistanından isə 10 turizm şirkətinin iştirakı ilə tanışlıq səfəri təşkil edib.

"Report" xəbər verir ki, bu barədə ATB məlumat verib.

BƏƏ və Səudiyyə Ərəbistanı nümayəndə heyəti Bakı, Quba, Qusar və Şabran şəhərlərində Azərbaycanın müxtəlif turizm məhsulları ilə tanış olub.

Proqram çərçivəsində iştirakçılar "Şahdağ Turizm Mərkəzi" QSC-yə səfər ediblər, həmçinin ölkəmizdə qolf turizmi və qastroturizm haqqında məlumatlandırılıblar.

Bundan əlavə, səfər müddətində 60 yerli turizm şirkəti, o cümlədən "Azərbaycan Hava Yolları" QSC, BƏƏ və Səudiyyə Ərəbistanı turizm agentliklərinin iştirakı ilə B2B formatlı görüşlər keçirilib.

Görüşlərdə hər iki ölkənin turizm şirkətləri gələcək əməkdaşlıq və birgə turizm məhsullarının inkişaf etdirilməsi imkanları ilə əlaqədar müzakirələr aparıb.