Azərbaycanın rəsmi Turizm Nümayəndəliyinin İstanbulda açılması əlamətdar hadisədir. Bu ofis bütün Türkiyə üzrə fəaliyyət göstərəcək. Əsas məqsədimiz dövlət qurumları və biznes sahəsində əlaqələrimizi genişlətmək, Türkiyədə olan tərəfdaşlarla Azərbaycan turizminin inkişafına daha çox töhfə verməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.
Türkiyə bazarının Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını qeyd edən K. Quluzadə bildirib ki, ölkəmizə gələn turistlər arasında Türkiyə vətəndaşları say baxımından ikinci sıradadırlar. Bu ilin 11 ayı ərzində Azərbaycana 416 mindən çox Türkiyə vətəndaşı səyahət edib ki, bu da ötən il ilə müqayisədə 7 faiz çoxdur: “Təbii ki, Azərbaycan vətəndaşları da çox aktiv şəkildə Türkiyəyə səyahət edirlər. Son doqquz ay ərzində təxminən 800 mindən çox Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib. Ölkələrimiz arasında çox intensiv təyyarə uçuşları var. İki ölkə arasında dörd şirkət uçuş həyata keçirir. Ölkələrimiz arasında “Azərbaycan Hava Yolları” və üç Türkiyə aviaşirkəti tərəfindən on ay ərzində 5 min 300-dən çox reys həyata keçirilib. Bu uçuşlarla qarşılıqlı olaraq 1 milyon 600 nəfər səyahət edib.
Bizim əsas məqsədimiz Azərbaycanın turizm imkanlarını, yəni qastronomiya, mədəniyyət, səhiyyə, qış və yay turizmləri də daxil olmaqla bu sahə üzrə bütün imkanlarımızı nümayəndəlik vasitəsilə Türkiyə vətəndaşlarına, buradakı tərəfdaşlarımıza daha yaxından çatdırmaqdır ki, qardaş ölkədən olan turistlər də gəlib Azərbaycanın gözəlliyini, Vətənimizin turizm imkanlarını daha yaxından görsünlər”,- deyə o, bildirib.