Kiçik Qafqaz dağlarının ətəyində yerləşən Xankəndi şəhəri özünün yeni dövrünü yaşayır. Şəhərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Xankəndinin simasını yeniləməklə yanaşı, həm də turizmin inkişafına şərait yaradır. Müasir infrastruktur layihələrinin həyata keçirilməsi, yolların yenidən qurulması, ictimai məkanların abadlaşdırılması şəhərin turistlər üçün daha cəlbedici olmasına imkan verir.
Xankəndidə yeni hotel və restoranların, ictimai iaşə obyektlərinin fəaliyyətə başlaması qonaqların rahatlığını təmin edir.
Bununla yanaşı, şəhərin ətrafındakı dağlıq landşaft, təmiz hava və zəngin təbiət ekoturizmin inkişafı üçün də geniş imkanlar yaradır. Əlverişli coğrafi mövqeyi və nəqliyyat infrastrukturunun inkişafı Xankəndiyə gediş-gəlişi daha rahat edir. Bütün bu amillər Xankəndini regionun perspektivli turizm mərkəzlərindən birinə çevirir.
Qürurla demək olar ki, Xankəndi bu gün ölkəmizdə turistlərin ən çox üz tutduqları şəhərlərdəndir. Şəhərlə tanışlıq bu gözəl diyara səfər edən qonaqlarda zəngin və unudulmaz təəssüratlar yaradır.