Azərbaycan Misirdə 5-ci Port Qalib İdman Turizmi Festivalında təmsil olunur

Misirin Qırmızı dəniz sahilində yerləşən Port Qalib şəhərində 5-ci İdman Turizmi Festivalı başlanıb. Yanvarın 10-dək davam edəcək tədbir Misirin Gənclər və İdman Nazirliyinin, əl-Bəhr əl-Əhmər vilayəti rəhbərliyinin himayəsi, Misirin Triatlon və Çövkən Federasiyaları ilə əməkdaşlıq şəraitində keçirilir.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, festivalda Misirlə yanaşı, Azərbaycan, Polşa, Nigeriya, Qana və Küveyt nümayəndələri iştirak edirlər.

Festivalın açılış mərasimində Beynəlxalq Çövkən Federasiyasının prezidenti və vitse-prezidenti, Misirin Triatlon Federasiyasının rəhbər şəxsləri, milli idman federasiyalarının təmsilçiləri iştirak ediblər.

Festivalın açılışında təşkil olunan triatlon yarışında (qaçış, üzgüçülük və velosiped sürmə mərhələləri) Misirdən və xarici dövlətlərdən minə yaxın peşəkar və həvəskar iştirak edib.

Bundan başqa, festival çərçivəsində bir sıra yarışların, o cümlədən Çövkən üzrə dostluq çempionatının keçirilməsi planlaşdırılır.

Misir gənclər və idman nazirinin müavini əl-Bəhr əl-Əhmər vilayətinin Gənclər və İdman İdarəsinin müdiri Fərac Əbdülmaqsud vurğulayıb ki, Port Qalib şəhərində idman turizmi festivalının təşkil edilməsi region üçün fərqli hadisədir və buranın böyük idman tədbirlərinə ev sahibliyi edə biləcəyini göstərir. Eyni zamanda, tədbir əl-Bəhr əl-Əhmər vilayətinin turizm imkanlarının nümayişi üçün yaxşı fürsətdir.