Şübhəli pilotsuz uçuş aparatı səbəbindən Hitrou hava limanında uçuşlarda gecikmələr yaranıb

Avropanın ən işlək aeroportu olan Londonun Hitrou hava limanında şübhəli pilotsuz uçuş aparatının (PUA) görülməsi səbəbindən uçuşların hərəkətində müvəqqəti pozuntular yaşanıb.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Sürixdən Londona uçan “Swiss” aviaşirkətinə məxsus LX324 reysi təxminən yarım saat havada dövr etdikdən sonra alternativ olaraq Qatvik hava limanına yönləndirilib.

Hitrou Avropanın ən işlək hava limanı hesab olunur və burada hər saatda təxminən 70 enmə və qalxma həyata keçirilir.

Hava limanının nümayəndəsi bildirib ki, şübhəli pilotsuz uçuş aparatı ilə bağlı əməliyyatdan sonra uçuşlar normal rejimdə davam edir. Vəziyyət nəzarətdə saxlanılır və hava limanının təhlükəsiz fəaliyyətini təmin etmək üçün polis və aviaşirkətlərlə birgə iş aparılır.