Azərbaycanda Qafqaz Albaniyası turizm marşrutu hazırlanıb

Dövlət Turizm Agentliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə Qafqaz Albaniyası marşrutu hazırlayıb.

"Report" xəbər verir ki, bunu Agentliyin sədr müavini Azadə Hüseynova Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, sözügedən marşrut xətti Qafqaz Albaniyası dövrünə məxsus məbədlərin yerləşdiyi əraziləri və istiqamətləri özündə birləşdirir.

Bundan başqa, turizm rəsmisi deyib ki, Agentlik süni intellektin imkanlarından yararlanmağa çalışır, hədəf bazarlarda rəqəmsal marketinq işləri aparır: "Bu gün artıq rəqəmsal dövrdür. Bu cür alətlərdən istifadə eləməklə ölkənin hədəf bazarlarda təqdimatı aparılacaq".

A.Hüseynova əlavə edib ki, hazırda Qax rayonuna daxil olan İlisu və Sarıbaş kəndlərində "Turistik kənd" layihəsi üzrə işlər aparılır: "Cari ildən etibarən həmin ərazilərdə infrastrukturun qurulması prosesinə start verilib. Sözügedən layihə daha öncə Şahdağ yaxınlığında yerləşən Qusar rayonunun Ləzə kəndində reallaşdırılmışdı. Növbəti hədəf kimi Qax seçilib. Artıq bu kəndlərdə infrastruktur işləri görülür və yolların çəkilməsi məqsədilə müvafiq qurumlara müraciət edilib".