Xarici qonaqlar Naftalan nefti ilə yaxından tanış olublar

Naftalanda oktyabrın 7-8-də “Naftalan–Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin İnkişaf Strategiyası” mövzusunda keçiriləcək Beynəlxalq elmi-praktik konfransın birinci günündə tədbir iştirakçıları ağacəkmə aksiyasından sonra Naftalan nefti ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılara dünyada müalicəvi xüsusiyyətlərinə görə tanınan unikal Naftalan nefti ilə bağlı məlumat verilib. Qeyd edilib ki, təbiətdə analoqu olmayan bu neftdən 70-dən çox xəstəliyin müalicəsində istifadə edilir. Keçmiş SSRİ dönəmində Naftalan Sovet İttifaqının məşhur kurortları arasında müalicə-sağlamlıq əmsalının yüksəkliyi ilə ön sırada olub. Bütün bunlara görə Naftalan nefti Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biri sayılır. Lakin SSRİ dağılandan sonra məlum hadisələrlə bağlı bundan yararlanmaq mümkün olmayıb. Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində artıq Naftalan və onun qiymətli təbii sərvəti öz keçmiş şöhrətini qaytarmaqdadır.

Daha sonra qonaqların Naftalan şəhərinin tarixi, görməli yerlərinə və Suqovuşana səfəri planlaşdırılır.

Gallery