Dövlət Turizm Agentliyi (DTA) sədrinin müavini Azadə Hüseynova Almaniyanın paytaxtı Berlində 20-ə yaxın ölkənin turizm nazirinin iştirakı ilə keçirilən BMT Turizm Təşkilatının Nazirlər Sammitində təşkil olunan müzakirələrdə iştirak edib.
DTA-dan AZƏRTAC-a bildirilib ki, sammit zamanı sədrin müavini Özbəkistanın Dövlət Turizm Komitəsinin sədri Abdulaziz Akkulov ilə görüşüb.
Görüşdə hər iki ölkənin turizm sahəsində hədəf bazarları üzrə fəaliyyət prinsipləri və təşviqat strategiyaları barədə qarşılıqlı məlumat mübadiləsi aparılıb. Bununla yanaşı, 2025-ci ilin aprelində Azərbaycan Turizm Bürosu ilə Özbəkistan Milli Təbliğat Mərkəzi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumun müddəalarına uyğun olaraq görülmüş işlər nəzərdən keçirilib, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində əlavə alətlər üzrə razılığa gəlinib.
Səfər çərçivəsində Azərbaycanın Almaniyadakı səfirliyində bu ölkənin turizm sənayesi nümayəndələrinin iştirakı ilə görüş təşkil edilib.
Görüşdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ölkəmizin almaniyalı turistlərin diqqətini çəkəcək zəngin turizm potensialına malik olduğunu qeyd edib.
Öz növbəsində Azadə Hüseynova görüşdə çıxış edərək Azərbaycanın ev sahibliyi ilə keçiriləcək mötəbər beynəlxalq tədbirlər barədə ətraflı məlumat verib.
Sonda Azərbaycan Turizm Bürosu ölkəmizin turizm potensialını əks etdirən təqdimat nümayiş etdirilərək sənaye nümayəndələrinin sualları cavablandırılıb.