Şirvanşahlar sarayı – Orta əsrlərin əzəməti

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun Şirvanşahlar sarayı kompleksi.

Bakının tarixi tikililəri arasında mühüm yer tutan kompleks XV əsrdə Şirvanşah I Xəlilullah tərəfindən tikilib. UNESCO-nun Dünya İrs Siyahısına daxil olan bu saray kompleksi Şirvanşahlar sülaləsinin əzəmətini və mədəni əhəmiyyətini əks etdirən cazibədar bir simvoldur. Kompleksə daxil olan əsas bina - saray tikililər içərisində ən qədimidir.

Tarixçilərin fikrincə onun tikintisi 10 ilə yaxın müddət ərzində başa gəlib. Kompleksə saraydan başqa Divanxana, Kеyqubаd məscidi, Seyid Yəhya Bakuvinin türbəsi, Murad darvazası (Şərq portalı), Saray məsсidi, türbə, hamam və ovdan (su anbarı) daxildir.

Saray və kompleksə daxil olan binaların yerləşdiyi ərazi müxtəlif hündürlükdə yerləşən üç həyətə bölünür. Sarayın özü isə birinci həyətdə yerləşir. Dövlət tərəfindən mühafizə olunan Şirvanşahlar sarayı kompleksi 1964-cü ildən muzey-qoruq statusu alıb.

Muzeyin eksponatları içərisində bəzək əşyaları, arxeoloji tapıntılar, saxsı qablar, müxtəlif rəsmlər, milli geyimlər və XVIII-XX əsrlərə aid olan çoxlu sayda məişət avadanlığı sərgilənir.

Şirvanşahlar sarayı Azərbaycanın orta əsr hökmdarlarının zəngin həyat tərzinə və mədəni irsinə bir baxış təqdim edən, tarixin və gözəlliyin içində qərq olmaq üçün ziyarətçiləri özünə dəvət edən bir möcüzədir.