Asiya və Avropa arasında uçuşlar həyata keçirən aviaşirkətlər Yaxın Şərqdə münaqişə səbəbindən biletlərin qiymətini artırıblar.
AZƏRTAC xəbər verir ki, “Yicai” nəşrinin yaydığı məlumata görə, Çin və Avropa arasında birbaşa uçuşlarda artıq kəskin qiymət artımları müşahidə olunur. “Air France” şirkətinin martın 12-si üçün Şanxaydan Parisə birbaşa reysində biletin ən aşağı qiyməti 26 min yuanı (3800 dollar) keçib.
Honkonq Hava Yolları yanacağa əlavə qiymətlərin artırıldığını rəsmən elan edib. Honkonqdan Avropaya, Şimali və Cənubi Amerikaya, Afrikaya və Yaxın Şərqə uçan marşrutlarda yanacaq əlavəsi 75 dollardan 94 dollara qədər artacaq.
“Air India” şirkəti həm daxili, həm də beynəlxalq bütün uçuşlar üçün yanacağa görə üçmərhələli əlavə qiymət artımı elan edib. “Japan Airlines” də bildirib ki, davamlı xərc artımları səbəbindən daxili uçuşlarda yanacağa görə əlavə qiymət tətbiq etməyi nəzərdən keçirir.