Bakının müqəddəs ziyarətgahı - Bibiheybət məscidi

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Bibiheybət məscid-ziyarətgah kompleksi.

Bibiheybət məscid-ziyarətgah kompleksi Bakı buxtası sahilində yerləşir. Bu məkan Bakının ən müqəddəs və tarixi dini abidələrindən biridir. Xəzər dənizinin sahilində yerləşən kompleks həm memarlıq, həm də mənəvi dəyəri ilə seçilir. Bibiheybət yalnız ibadət məkanı deyil, eyni zamanda Azərbaycan xalqının tarixini, inancını və mədəniyyətini yaşadan müqəddəs ocaqdır.

Məscid yeddinci imam Musa Kazımın qızı və səkkizinci imam Rzanın bacısı Həkimə xanımın məzarı üzərində tikilib. Məscid inşa edilməmişdən əvvəl də Həkimə xanım Məhəmməd peyğəmbərin nəslindən olduğu üçün məzarı müqəddəs sayılıb. Bura gələn ziyarətçilərin ardı-arası kəsilməyib. Bibiheybət məscidi 1281-1282-ci illərdə Şirvanşahlar dövründə tikilib. Zaman keçdikcə ziyarətgahın ətrafında yeni tikililər və şeyxlərin türbələri də inşa edilib.

Bibiheybət məscidi öz tarixiliyinə və gözəlliyinə görə nadir tikili olub. Çox təəssüflər olsun ki, ötən əsrin 30-cu illərində sovet dövründə bir çox nadir, tarixi, maddi-mədəniyyət abidələri dağıdılarkən Bibiheybət məscidi də dağıdılıb.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin imzaladığı Sərəncama əsasən Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən inşa edilib. Klassik Şərq üslubunda tikilən əzəmətli Bibiheybət ziyarətgahının daxili hissəsi bütünlüklə ağ mərmərlə işlənilib. Kompleksdə iki minarə ucaldılıb və minarələrdən biri Ulu Öndər Heydər Əliyevin adına “Heydər minarəsi” adlanır. Burada eyni vaxtda 3 min nəfər namaz qıla bilər.

Bu gün ziyarətgah yalnız ibadət yeri deyil, həm də mədəni və mənəvi birlik məkanıdır. Buraya üz tutanlar dua edir, rahatlıq tapır və məscidə iman və inam yeri kimi baxırlar.