Qoruq rəsmisi: Türk Abidə Menecerləri Şəbəkəsi mədəni irsimizin qorunmasına töhfə verəcək

2022-ci ilin noyabrında Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən Zirvə görüşündə təşkilatın üzv dövlətlərinin rəhbərləri tərəfindən qəbul edilmiş birgə bəyannamədə bir neçə müddəa ilə yanaşı, eyni zamanda, Türk Abidə Menecerləri Şəbəkəsinin yaradılması təşəbbüsü də dəstəklənib. Bunu nəzərə alaraq, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu şəbəkənin məhz Azərbaycanda, Bakı şəhərində təsis edilməsi üçün beynəlxalq konfransın keçirilməsi qərarına gəlib. Tarix-Memarlıq Qoruğu İdarəsinin və Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə oktyabrın 10-da başlanan “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfrans Türk Abidə Menecerləri Şəbəkəsinin təsis edilməsi ilə bağlı Bakı Bəyannaməsinin imzalanması ilə yekunlaşıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq Əlaqələr və Protokol şöbəsinin müdiri Elsevər Məmmədov konfrans çərçivəsində Şəki şəhərinə təşkil edilən tur zamanı məlumat verib.

Qoruğun rəsmisi bildirib ki, Türk Abidə Menecerləri Şəbəkəsi mədəni irsimizin qorunmasına töhfə verəcək. Şəbəkənin yaradılmasında əsas məqsəd Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi statusunda olan ölkələrinin tarixi şəhər və qoruqları arasında mədəni irsin qorunması, bərpası, birgə təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsidir. Şöbə müdiri diqqətə çatdırıb ki, üzv dövlətlərin, yəni Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın tarixi şəhər və qoruqlarının rəhbərləri bu Bəyannaməni imzalayaraq şəbəkənin ilk üzvləri olublar.

Beynəlxalq konfransda tarixi şəhərlərin idarə olunması, tarixi abidələrin konservasiya və bərpası, eləcə də davamlı turizm, tarixi şəhər və qoruqlarda rəqəmsal transformasiya, muzey işinin təşkili və sair mövzular üzrə müzakirələrin aparıldığını bildirən Elsevər Məmmədov deyib: “Konfrans çərçivəsində, eyni zamanda, Azərbaycanın iki tarixi şəhərinə - Şuşa və Şəki şəhərlərinə səfərlər də təşkil edilib. Konfrans iştirakçıları dünən işğaldan azad olunmuş Şuşa şəhərində aparılan bərpa, yenidənqurma işləri ilə tanış oldular. Növbəti səfərimiz isə Azərbaycanın ən gözəl, dilbər guşələrindən olan Şəki şəhərinə olub. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi artıq 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Səfərimizin məqsədi qonaqları Şəkinin tarixi-mədəni irsi ilə daha yaxından tanış etməkdir”.