Bu il ölkəmizdə baharın müjdəçisi olan Novruzun gəlişi həm də müqəddəs Ramazan ayının günlərinə təsadüf edir. İki həftəyə yaxın davam edəcək bayram tətili günlərində zəngin tarixi və turizm potensialı ilə seçilən Şəkiyə çoxsaylı qonaqların gəlməsi gözlənilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, havaların qeyri-sabit keçməsinə baxmayaraq, Şəki həmişəki kimi qonaqlarını qarşılamağa hazırdır. Beynəlxalq turizm marşrutuna daxil olan bu qədim şəhər ilin bütün fəsillərində turistlərin diqqət mərkəzindədir. Bayram günlərində isə şəhərdə xüsusi canlanma yaşanır. Buna əsas səbəb Şəkinin "muzeylər şəhəri" kimi tanınması və burada dünya əhəmiyyətli memarlıq abidələrinin yerləşməsidir.
Turizm meneceri Yusif Yusifov bildirir ki, son illərin tendensiyasına əsasən, Şəkidə iri hotellərlə yanaşı, daha çox motel və hostellər də istifadəyə verilir. Müsahibimiz turistlərin fərdi evlərə də böyük maraq göstərdiyini diqqətə çatdırır.
Onun sözlərinə görə, bu il bayram tətilini regionlarda keçirmək istəyənlərin sayında ciddi artım müşahidə olunur. Martın əvvəlindən hotel və hostellərə sifarişlərin verilməsi, xüsusən də fərdi evlərlə maraqlananların çoxluğu rayonda böyük turist axınından xəbər verir.
“Şəkidə kifayət qədər hotel, motel, hostel və gündəlik kirayə evlər mövcuddur. Onlar hər kəsi yüksək səviyyədə qarşılamağa hazırdırlar”, - deyən turizm meneceri qiymətlər barədə də məlumat verib. Hazırda otellərdə bir günlük qalmaq xərcləri orta hesabla 80 manatdan başlayır və xidmət səviyyəsindən asılı olaraq 130-230 manat arasında dəyişir. Fərdi evlərdə və "A-frame" tipli kotteclərdə isə qiymətlər tutumuna görə fərqlənir: 4-8 nəfərlik evlər 200-300 manat, daha böyük qruplar üçün nəzərdə tutulan evlər isə 300-350 manat civarında təklif olunur.
Şəkiyə gələn qonaqların ən çox üz tutduqları məkanlar sırasında yerli sənətkarların əl işlərinin nümayiş olunduğu “Şəki sənətkarlar evi” xüsusi yer tutur. Bu səbəbdən sənətkarlar öz emalatxanalarında hazırlıq işlərini yekunlaşdırır, sərgilənən nümunələri yeniləyirlər. Qeyd edək ki, təkcə Şəki şəhərində turistlərin ziyarət edə biləcəyi 83 tarixi-memarlıq abidəsi, muzeylər və çoxsaylı sənətkarlıq emalatxanaları fəaliyyət göstərir. Kiş kəndindəki qədim Alban məbədi və ətrafdakı istirahət mərkəzlərində yerli kənd məhsullarının təqdimatı da qonaqların maraq dairəsindədir.
Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov bayram tətili günlərinə hazırlıq məqsədilə bölgənin əksər turizm obyektlərində monitorinqlər aparıldığını bildirib. O qeyd edib ki, daxili turizmin inkişafı üçün müxtəlif layihələrin icrasına başlanılıb: “Araşdırmalarımız göstərir ki, turistlərin ən çox müraciət etdiyi istiqamətlər arasında Şimal-Qərb marşrutu üstünlük təşkil edir. Bu kontekstdə regionumuza daxil olan Şəki, Qax, Oğuz, Zaqatala və Balakən rayonlarına ciddi turist axını gözlənilir. Artıq bölgədəki yerləşmə obyektləri qonaqlara xüsusi bayram konsepsiyaları və müxtəlif seqmentlərdə xidmətlər təklif etməyə hazırlaşırlar”.
İdarə rəisi, həmçinin əlavə edib ki, Regional Turizm İdarəsinin əməkdaşları əksər yerləşmə obyektlərini rayonların turizm infrastrukturunu əks etdirən xəritələrlə təmin ediblər. Qonaqların bölgədən məmnun ayrılması üçün bütün zəruri addımların atıldığını deyən Şahin Məlikov, turistlərin Şəki mətbəxi və şirniyyatlarından da böyük zövq alacaqlarına əminliyini ifadə edib.
Beləliklə, Şəki həm yerli, həm də xarici turistlər üçün builki bahar tətilinin ən cəlbedici ünvanlarından biri olmağa iddialıdır. Qədim tarixlə müasir xidmət səviyyəsinin vəhdəti qonaqlara unudulmaz anlar yaşamaq imkanı vəd edir. Regionun turizm sektorunda müşahidə olunan bu canlanma isə həm yerli sənətkarlığın inkişafına, həm də Şəkinin mədəni irsinin daha geniş auditoriyaya tanıdılmasına yeni töhfələr verəcək.