Böyük Britaniyadan olan turistlər Pasxa tətili üçün planlarını dəyişərək Dubay səfərlərini ləğv edir və daha təhlükəsiz hesab olunan istiqamətlərə üz tuturlar.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, səyahət şirkətlərinin verdiyi məlumata görə, buna səbəb qonşu İranla bağlı müharibə fonunda regionda yaranan gərginlikdir.
Hazırda Yaxın Şərq üzrə sərnişin uçuşlarında ciddi pozuntular müşahidə olunur və regionun böyük hissəsinə, eləcə də Birləşmiş Ərəb Əmirliklərinə səyahət etməmək barədə xəbərdarlıqlar edilir. Bu vəziyyət Dubayla yanaşı, İrana yaxın olan Türkiyə, Kipr və Misir kimi ölkələrə də tələbatın azalmasına səbəb olub.
Eyni zamanda, turistlər daha təhlükəsiz və sabit hesab edilən istiqamətlərə üstünlük verirlər. Belə ki, Portuqaliya, İtaliya və İspaniyaya, həmçinin Karib hövzəsi, Mavriki və ABŞ-a rezervasiyalarda artım qeydə alınıb. Bəzi hava limanları bildirir ki, bu istiqamətlər üzrə uçuşlar ötən illə müqayisədə daha sürətlə çaxalıq.
Qeyd edək ki, “British Airways” aviaşirkəti də Yaxın Şərqdəki qeyri-müəyyən vəziyyət və hava məkanında sabitliyin olmaması səbəbindən bəzi reyslərini iyun ayına qədər dayandırıb. Şirkət Dubay, Bəhreyn, Təl-Əviv və Amman şəhərinə uçuşları 31 may daxil olmaqla müvəqqəti ləğv etdiyini açıqlayıb.