AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Bərdənin İmamzadə kompleksi.
Yaxın Şərqin ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindən olan Bərdə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir. Bərdə şəhərinin ərazisində tarixi abidələr bu günədək qorunub saxlanılıb.
Bu abidələr arasında VIII əsrdə yaşamış beşinci imam Məhəmməd Bağırın qız nəvəsi İsmayılın dəfn olunduğu İmamzadə xüsusi yer tutur. Məhəmməd Bağırın oğlu İbrahim isə 739-cu ildə Gəncədəki İmamzadədə torpağa tapşırılıb. Əvvəlcə türbə kimi inşa edilmiş Bərdə İmamzadəsi zaman keçdikcə ziyarətgaha çevrildiyindən onun ətrafında məscid inşa edilib, beləliklə də dini abidə kompleksi yaranıb. XIII-XIV əsrdə İbrahim adlı tacir öz vəsaiti hesabına İsmayılın qəbri üzərində minarəli türbə tikdirib. Odur ki, ziyarətgah “Tacir İbrahim” və ya “İbrahim məscidi” adı ilə tanınıb. 1868-ci ildə isə İmamzadə türbəsi şuşalı memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən bərpa olunub və 4 minarə inşa edilib.
İmamzadə məscid adlandırılmasına baxmayaraq, həmişə ziyarətgah kimi istifadə olunub. Abidənin içərisində mehrabın olmaması da onun məscid deyil, ziyarətgah olduğunu göstərir.
Qarabağlılar buranı müqəddəs yer bilib, ən nüfuzlu insanları türbənin ətrafında dəfn ediblər. İmamzadə ərazisində Fətəli Şah Qacarın oğlu Abbas Mirzənin böyük oğlu Bəhmən Mirzə və ailəsinin, Qarabağ xanlarının, bəyzadə və övliyalarının çoxlu nümayəndəsi, Bərdənin bir sıra nüfuzlu şəxsləri dəfn olunub. Bunu İmamzadə yaxınlığındakı daş və qəbirüstü yazılar sübut edir.
İmamzadə kompleksində kərpiclərin fiqurlu düzülüşü, tikintidə daşla kərpicin üzvi əlaqələndirilməsi, kaşıdan istifadə Bərdə türbəsi (1322-ci ildə tikilib) memarlığının təsirini göstərir. Turizm baxımdan böyük əhəmiyyət daşıyan İmamzadə kompleksi yerli və xarici turistlər tərəfindən ən çox ziyarət olunan məkanlardandır.