Aydər yaylası, sən necə də gözəlsən...

Dəniz səviyyəsindən 1350 metr hündürlükdə qərar tutan Aydər yaylası Türkiyənin Trabzon bölgəsinin Rize vilayətində yerləşir. Aydər Qara dəniz bölgəsinin füsunkar təbiətini özündə əks etdirir və hər il minlərlə turistin üz tutduğu istirahət məkanlarından biridir. Uca dağları, ladın, şam və fıstıq meşələri, gur axan çayları və mineral bulaqları olan yayla təmiz havası və sakit mühiti ilə seçilir. Şəhərin səs-küyündən uzaqlaşmaq istəyənlər üçün bu məkan əsl istirahət mənbəyidir. Yay aylarında buraya gələn turistlər füsunkar yaşıl təbiət və sərin havadan ləzzət alırlar.

Yayladakı termal su mənbələri sağlamlıq üçün faydalı olduğuna görə turistlər həm dincəlir, həm də müalicəvi təsir əldə etməyə çalışırlar. Bundan başqa, Aydərdə keçirilən yerli festivallar, ənənəvi musiqi və rəqslər bölgənin mədəni zənginliyini göstərir.

Dağlardan əsən sərin küləklər, ağappaq duvağı xatırladan şəlalələrin şırıltısıi və ətrafda cəh-cəh vuran quşların səsi xoş duyğular oyadır. Yaylaya xüsusi gözəllik verən məşhur “Gəlin tülü” şəlaləsi baxımlı mənzərə yaradır. Yazın erkən çağları burada dünyanın hər rəngini görmək mümkündür: bir tərəfdə adda-budda qalan ağappaq qar qalıqları, bir tərəfdə yaşıl donunu geyinməyə başlayan təbiət, bir yanda da yeni açan rəngbərəng gül-çiçəklər...

Aydər yaylası təkcə təbiəti ilə deyil, sakinlərin qonaqpərvərliyi ilə də xoş təəssürat oyadır. Yayla həm də mədəni zənginliyi ilə seçilir. Ona görə də təbiətin bu gözəlliklər diyarına üz tutan hər kəsə füsunkar guşəsi mənəvi rahatlıq bəxş edir.