Azərbaycanda xaricilərin turizm xərcləri 8 %-dən çox azalıb - ARAŞDIRMA

Bu ilin yanvar-fevral aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 368 milyon 403 min manat xərcləyib.

"Report"un əldə etdiyi məlumata görə, turistlərin xərcləri ötən ilin eyni dövrünə nisbətən 8,4 % azalıb.

Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malikdir. Belə ki, turistlər iki ay ərzində nəqliyyata 170 milyon 262 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 7,8 % azalma deməkdir.

Son 1 ildə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 20,1 % azalaraq 67 milyon 355 min manat təşkil edib.

Turistlər qidalanmaya 70 milyon 470 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 4 % azdır.

Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər 16 % artaraq 1 milyon 914 min manat təşkil edib.

Turizm zərfinin alınmasına isə 161,2 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % azalıb.

Nəqliyyat vasitələrinin icarəsinə 579,2 min manat (+5,6 %), idman və əyləncə xidmətlərinə 1 milyon 714 min manat (+0,1 %), malların və hədiyyələrin alınmasına 42 milyon 330 min manat (+ 4 %), digər istiqamətlərə isə 13 milyon 613 min manat (−4,8 %) xərclənib.

Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 7,7 % azalaraq 85 milyon 765 min manat təşkil edib.

Türkiyədən gələn turistlərin xərcləri 48 milyon 28 min manat olub ki, bu da illik müqayisədə 3,6 % artım deməkdir. Hindistandan səfər edənlərin xərcləri isə 2 dəfə azalaraq 31 milyon 738 min manata enib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 163 ölkədən 337,3 min əcnəbi vətəndaş səfər edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.

Gələnlərin 23,2 %-i Rusiya, 21,1 %-i Türkiyə, 9 %-i İran, 5 %-i Gürcüstan, 4,6 %-i Hindistan, 3,7 %-i Pakistan, 3,6 %-i Qazaxıstan, 3,2 %-i Səudiyyə Ərəbistanı, 2,9 %-i Özbəkistan, 2,6 %-i İsrail, 2 %-i Çin, hər birindən 1,4 % olmaqla Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, hər birindən 1,3 % olmaqla Böyük Britaniya və Türkmənistan, 12,3 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 72 %-ini kişilər, 28 %-ini qadınlar təşkil edib.