AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Qəbələnin “tülpan bağı”.
Yaz fəslində Azərbaycanın turizm xəritəsində xüsusi yeri olan Qəbələ rayonu yenə də təbiətsevərlərin diqqət mərkəzinə çevrilib. Xüsusilə bu mövsümdə rayonun yaşıllığa bürünən meşələri, çiçəkli düzənlikləri və füsunkar mənzərələri yerli və xarici turistləri özünə cəlb edir. Sıx meşələr, təmiz dağ havası, rəngarəng çiçəklər və sakit təbiət Qəbələni yaz aylarında əsl istirahət məkanına çevirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqpərvərliyi və əsrarəngiz təbiəti ilə tanınan qədim Qəbələ bu dəfə daha bir gözəlliyi ilə diqqət çəkir. Rayonun Çarxana kəndində yerləşən və “tülpan bağı” kimi tanınan gül bağı artıq sosial şəbəkələrdə də böyük marağa səbəb olub. Qəbələ–Ağdaş avtomobil yolunun kənarında, dəmir yolu stansiyası və hava limanının yaxınlığında yerləşən bu ərazi yoldan keçənlərin diqqətini dərhal cəlb edir.
Rəngarəng tülpanlarla örtülən bu sahə sanki rəssamın fırçasından çıxmış tablo təsiri bağışlayır. Ağ, sarı və qırmızı rənglərin harmoniyası ətraf mühitə xüsusi gözəllik qatır. Zərifliyi ilə seçilən bu güllər yazın gəlişini müjdələyən ən gözəl təbiət mənzərələrindən biri hesab olunur.
Tülpanlar adətən aprel ayında çiçək açır və çiçəkləmə dövrü 2–4 həftə davam edir. Bu qısa, lakin valehedici dövr ərzində ərazi turistlərin, fotoqrafların və təbiətsevərlərin sevimli məkanına çevrilir. Buraya təkcə Qəbələyə gələn qonaqlar deyil, digər şəhər və rayonlardan da xüsusi olaraq bu gözəlliyi görmək üçün üz tutanlar kifayət qədərdir.