Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm işi kafedrasının müdiri dosent Hafiz Hüseynov Tacikistanın Düşənbə şəhərindəki Beynəlxalq Turizm və Sahibkarlıq Universitetində baş tutan “Davamlı inkişaf üçün tərəfdaşlıq: Yaşıl. Rəqəmsal. Ağıllı” adlı beynəlxalq forumun iştirakçısı olub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, forumun gündəmində davamlı inkişaf, rəqəmsallaşma və “yaşıl” iqtisadiyyat prinsipləri əsasında müzakirələrin keçirilməsi nəzərdə tutulub. Mühüm platformaya əsaslanan tədbirdə müxtəlif ölkələrin ali təhsil müəssisələrinin, dövlət qurumlarının, eyni zamanda, özəl sektorun səlahiyyətli nümayəndələri təmsil olunublar.
H.Hüseynov “Naftalan neftinin sağlamlıq turizminin inkişafında rolu” mövzusunda çıxışında Azərbaycanın sağlamlıq turizmi sahəsində mövcud potensialının perspektiv imkanlarına detallı aydınlıq gətirib.
Beynəlxalq forum çərçivəsində “Turizm sənayesinin davamlı inkişafının hüquqi təminatı: təcrübə və perspektivlər” adlı tədbirin moderatoru olan H.Hüseynov turizm sektorunda davamlı inkişafın hüquqi təminatı, rəqəmsallaşma və süni intellektin tətbiqi kimi aktual məsələlərin müzakirəsinin icrasında idarəetmə bacarığı ilə fərqlənib.
ATMU nümayəndəsi beynəlxalq forum çərçivəsində Beynəlxalq Turizm və Sahibkarlıq Universitetinin tələbələri üçün nəzərdə tutulan açıq dərsdə Azərbaycanda sağlamlıq turizminin inkişaf istiqamətləri, müasir turizm trendləri, sağlamlıq turizminin inkişaf perspektivləri və bu sahədə beynəlxalq təcrübənin əhəmiyyəti barədə danışıb.