Caz-muğamın beşiyi: Vaqif Mustafazadənin ev-muzeyi

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Vaqif Mustafazadənin ev-muzeyi.

Ev-muzeyi Azərbaycan caz bəstəkarı və ifaçısı Vaqif Mustafazadənin (1940–1979) həyat və yaradıcılığına həsr olunub. Muzey 1989-cu il iyulun 28-də onun anası Zivər Əliyeva tərəfindən yaradılıb. Zivər xanım Üzeyir Hacıbəylinin ilk tələbələrindən biri olub və Vaqif Mustafazadənin musiqi zövqünün formalaşmasında mühüm rol oynayıb. 1997-ci ildə onun vəfatından sonra bu işi Vaqif Mustafazadənin dayısı qızı Afaq Əliyeva davam etdirir. 2004-cü ildə Afaq xanım tərəfindən ev-muzeyi əsaslı təmir olunub, 2005-ci il martın 16-da isə bəstəkarın anadan olmasının 65 illiyi münasibətilə ev-muzeyinin açılışı olub.

Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), həmçinin çoxsaylı caz kompozisiyaları və pyeslərin müəllifi olan Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisidir. O, milli musiqimiz olan muğam ilə klassik Amerika cazının sintezini yaradaraq yeni bir istiqamətin - “caz-muğam” üslubunun əsasını qoyub.

Muzeydə bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, plakatlar, disklər, sənədlər və şəxsi əşyalar daxil olmaqla, ümumilikdə 1241 eksponat nümayiş etdirilir. Üç otaqdan ibarət ekspozisiyanın sol küncündə isə Zivər xanıma məxsus olmuş, Vaqifin və qızı Əzizənin ilk pianinosu qorunub saxlanılır.

Gallery