İƏT-in turizm paytaxtlarının elan edilməsi təşkilatın regionunda, həm də regiondan kənarda turizmi təşviq etmək üçün səylərinin bir hissəsidir. Biz Şuşa şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi ilə əlaqədar Şuşada və Qarabağda bir sıra tədbirlər keçirmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq edəcəyik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə müsahibəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan deyib.
“Bu mənim Şuşaya ikinci səfərimdir. Birinci səfərim keçən ilin iyul ayında İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində baş verib. Builki səfərimizin məqsədi Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsidir”, - deyə İƏT-in Baş katibi bildirib.