AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Buxara karvansarası.
Buxara karvansarası İçərişəhərdə yerləşən XV əsrə aid ölkə əhəmiyyətli abidədir. Qədim ticarət magistralı üzərində ucaldılan və Mərkəzi asiyalı tacirlərin sığınacağına çevrilən bu möhtəşəm tikili Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilən genişmiqyaslı layihə çərçivəsində hazırda öz əvvəlki əzəmətinə qovuşub. Bərpa prosesi abidənin həm memarlıq, həm də mühəndislik xüsusiyyətlərinin qorunması prinsipi ilə aparılıb.
Yeni konsepsiyaya əsasən Buxara karvansarası yerli sənətkarların fəaliyyət göstərdiyi funksional və yaradıcı məkana transformasiya olunub. Karvansaranın daxilində ümumilikdə 18 otaq yerləşir ki, onların hər biri müxtəlif sənət sahələrini təmsil edən sənətkarların istifadəsinə verilib. Hər bir otaqda fəaliyyət göstərən sənətkarlar gündəlik olaraq öz əl işlərini hazırlayıb nümayiş etdirir, eyni zamanda həmin məhsulların satışını həyata keçirir.
Bununla yanaşı, “BuxarArt” yerli və xarici ziyarətçilər üçün interaktiv sənət məkanı kimi fəaliyyət göstərir. Sənətkarlar qonaqlar üçün müxtəlif ustad dərsləri təşkil edərək Azərbaycan xalq sənətinin incəliklərini praktiki şəkildə nümayiş etdirir. Burada toxuculuq, heykəltaraşlıq, dəriçilik, rəssamlıq, xalçaçılıq, dəmir döymə, miniatür sənəti, bədii keramika, ebru sənəti, keçəçilik və taxtaoyma kimi ənənəvi sənət sahələri təmsil olunur.
Buxara karvansarasının fəaliyyətə başlaması milli sənətkarlıq ənənələrinin qorunması, sənətkarların yaradıcılıq imkanlarının genişləndirilməsi və Azərbaycanın zəngin mədəni irsinin həm yerli, həm də xarici qonaqlara daha yaxından təqdim edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.