Özbəkistan Mərkəzi Asiyanın vahid turizm həlqəsini yaratmağı təklif edib.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasının 59-cu illik iclasının rəsmi açılış mərasimində bildirib.
Onun sözlərinə görə, dünyadakı qeyri-sabitlik şəraitində milyonlarla turist təhlükəsiz istiqamətlər axtarır:
"Mərkəzi Asiya mədəni, qastronomik, etnoqrafik, ekstremal və tibbi turizm kimi istiqamətlərdə böyük potensiala malikdir. Biz bu sahəyə xüsusi diqqət yetiririk və zəruri infrastrukturun, xidmətin, viza və nəqliyyat təminatının yaradılmasına və ilk növbədə turistlərin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir sıra islahatlar həyata keçirmişik".
Ş.Mirziyoyev qeyd edib ki, 10 il ərzində Özbəkistana xarici turist axını altı dəfə artaraq ildə 12 milyon nəfərə çatıb: "Mərkəzi Asiyanın turizm həlqəsi - region ölkələrini birləşdirən turizm məkanının yaradılması təşəbbüsünü irəli sürərək, biz qonşu dövlətləri, Asiya İnkişaf Bankını və digər tərəfdaşlarımızı turizmin inkişafı üzrə layihələr portfeli formalaşdırmağa və onları birgə maliyyələşdirməyə çağırırıq".