Meksikanın və Latın Amerikasının ən böyük və nüfuzlu ali təhsil müəssisəsi olan Meksika Milli Muxtar Universitetinin (UNAM) Siyasi və sosial elmlər fakültəsinin tələbələri Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət ediblər.
Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, fakültənin tədqiqat üzrə professoru Talya İşcanın iştirakı ilə səfirlikdə keçirilən təqdimatda səfir Məmməd Talıbov Azərbaycanın müstəqillik ənənələrindən, tarixindən, dövlət müstəqilliyinin bərpasından danışıb. Diplomat müstəqilliyimizin ilk illərində qarşıya çıxan çətinliklər, bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. Diplomat müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydərin uzaqgörənliyi və ideyaları əsasında regionda həyata keçirilmiş dünya miqyaslı enerji və nəqliyyat layihələrinin həm region, həm də bütün Avrasiya miqyasında geosiyasi proseslərə müsbət təsiri barədə meksikalı tələbələri məlumatlandırıb.
M.Talıbov, həmçinin erməni təcavüzünün tarixi, 44 günlük müharibə və onun nəticələri, regiondakı yeni reallıqlar, davam edən sülh prosesi, ölkəmizin neft-qaz strategiyası, iqtisadi inkişaf göstəriciləri, incəsənəti, milli mətbəxi və multikulturalizm ənənələri haqqında danışıb. UNAM-ın tələbələri hazırda ölkəmizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, məcburi köçkünlərin qayıdışının təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi prosesi, həmçinin sentyabr ayında Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri və onun nəticələri, habelə Qarabağın erməni sakinlərinin reinteqrasiyası barədə məlumat verilib.
Görüşdə, eyni zamanda, Meksika ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, son dövrlərdə həyata keçirilən qarşılıqlı səfərlər, ölkələrimizin mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də xarici tələbələr üçün Azərbaycanda mövcud olan təhsil imkanları, təcrübə və təqaüd proqramları barədə məlumat verilib.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.