Aktiv Türk Dərnəkləri Birliyinin üzvləri olan 28 belçikalı tələbə və gənc, Azərbaycan Turizm və Menecment, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye, Xəzər, Odlar Yurdu universitetlərindən 30 azərbaycanlı tələbə üçün Ağsu rayonunun Gəgəli kəndində yeni qurulan “Tərəkəmə yurdu” folklor turizmi məkanına infotur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Dövlət Turizm Agentliyinin maliyyələşdirdiyi “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi” layihəsinin rəhbəri, Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin bələdçiliyi ilə infotur iştirakçıları əvvəlcə Gəgəli kəndinin Şəhidlər xiyabanını ziyarət ediblər. Qonaqlara kəndin 13 şəhidi haqqında məlumat verilib.
“Tərəkəmə yurdu” folklor turizmi məkanına gələn iştirakçılar əvvəlcə “Çırpınırdı Qara dəniz” mahnısını birlikdə səsləndiriblər.
İnfotur iştirakçılarına “Tərəkəmə yurdu” folklor turizmi məkanının ideyası, layihənin məqsədi, tərəkəmə folklor nümunələri, antik dövr və ilk orta əsrlərə aid olan Nərgizava nekropolu, oradan aşkar olunan maddi-mədəniyyət nümunələri haqqında geniş məlumat verilib. Qonaqlar kənd ərazisində yerləşən Türküstanlı Xoca Əhməd Yəsəvinin xəlifələrindən Uzun Atanın məqamı, Hülakü hökmdarı Sultan Mahmud Qazan xanın inşa etdirdiyi Qazan arxı, xəlvətilik sufi məktəbinin qurucusu Pir Ömərin təşəbbüsü ilə çəkilən Ömər Lahıci arxı haqqında da məlumatlandırılıb. Həmçinin Göytürk və Monqol xaqanlıqlarından günümüzə gəlib çatan mənəvi-mədəniyyət nümunələri - iki od arasından insan və heyvanların keçirilməsi tarixi mənbələr və yerli ayinlər əsasında iştirakçılara tanıdılıb.
İştirakçılara milli oyun - Çilingağac oyunu təqdim edilib, çadırlarda yerli palaz və lay nümunələri təqdim olunub, onların toxunma texnologiyası haqqında məlumat verilib.