Bakı-Şımkent aviareysi sərnişinlərə AZAL-ın geniş beynəlxalq şəbəkəsinə çıxış imkanı yaradacaq

Bakı-Şımkent-Bakı marşrutu Şımkentdən olan sərnişinlərə Bakı üzərindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Avropa və digər beynəlxalq istiqamətlərinə geniş marşrut şəbəkəsinə çıxış imkanı verəcək.

"Report"un Şımkentə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mərkəzi Asiya üzrə satış nümayəndəsi Xəyal Qədimzadə Şımkent şəhərində turizm operatorları ilə görüşdə bildirib.

Onun sözlərinə görə, yəni Bakı–Şımkent reysi sərnişinlər üçün təkcə iki şəhər arasında birbaşa əlaqə yaratmır, geniş imkan təqdim edir: "AZAL hazırda 70-dən çox istiqamət üzrə uçuşlar həyata keçirir və sərnişinlər Bakı üzərindən Avropa, Yaxın Şərq və digər regionlara rahat tranzit imkanlarından yararlana bilirlər. Bu məqamda qeyd edim ki, Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq aviasiya sahəsində yüksək nüfuza malikdir və regionun əsas nəqliyyat qovşaqlarından biri hesab olunur".

Nümayəndə əlavə edib ki, Şımkent reysi "Embraer" tipli təyyarələrlə həyata keçirilir və bu marşrutun Azərbaycanla Qazaxıstan arasında sərnişin daşımalarının, turizm əlaqələrinin və biznes əməkdaşlığının inkişafına töhfə verəcək: "Bakı-Şımkent istiqaməti üzrə uçuş cədvəli sərnişinlərin AZAL-ın Avropa şəhərlərinə həyata keçirdiyi reyslərlə rahat bağlantı qurmasına imkan verir. Bu baxımdan Berlin, Milan, Paris və Praqa kimi istiqamətlərə səyahət edən sərnişinlər üçün yeni marşrut əlavə üstünlüklər yaradır".