"Yaşıl dairəvi turizm" bu sənayenin gələcək inkişafı üçün ən perspektivli modellərdən biri hesab olunur.
"Report" xəbər verir ki, bunu Şri-Lankanın Xarici İşlər, Xarici Məşğulluq və Turizm Nazirliyinin (Turizm bölməsi) katibi Suleima Lebbe Naseer Bakıda keçirilən "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində yaşıl turizm" mövzusunda beynəlxalq konfransda bildirib.
O, qeyd edib ki, "yaşıl dairəvi turizm" resurslardan səmərəli istifadəni, tullantıların azaldılmasını və məsuliyyətli istehlakın təşviqini nəzərdə tutur.
"Bu yanaşma ekoloji baxımdan məsuliyyətli, sosial baxımdan inklüziv və iqtisadi cəhətdən dayanıqlı turizm məkanlarının formalaşmasına imkan verir. Turizmin gələcəyi təbii və mədəni resursların qorunması ilə birbaşa bağlıdır", - deyə o qeyd edib.